Azərbaycan Türkiyə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyi planlaşdırır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Zakir Həsənov deyib.
Aprelin 1-də Z.Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Türkiyənin “ASELSAN” və “HAVELSAN” şirkətlərinin nümayəndələri də iştirak edib.
“Müdafiə naziri ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
O bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında olan Türkiyə müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və döyüş texnikası, həmçinin hərbi təyinatlı digər məhsullar ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Həmin döyüş vasitələrinin Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub.
“Görüşdə Azərbaycan Ordusunun ən müasir elektron texnologiyalar ilə təchiz edilməsi, rabitə sistemləri imkanlarının genişləndirilməsi, eləcə də mövcud əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə