Azərbaycan “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərarı dəstəkləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq”, - deyə məlumatda bildirilir.
Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 milyon barrel, iyunda 6,2 milyon barrel, iyulda isə 5,76 milyon barrel müəyyənləşdirilib.
İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov qlobal neft bazarının “OPEC plus”un adekvat və çevik qərarlarını inamla qarşılamasını və “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları arasında həmrəyliyi qeyri-sabit bir dövrdə mühüm məqamlar kimi qiymətləndirib. Nazir tənzimləmə tədbirlərində düşünülmüş, ehtiyatlı davranışın və bütün inkişaf ssenarilərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
“Bizim üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən tarazlığın əldə edilməsidir. Hesab edirəm ki, “OPEC plus”un bu dəfəki qərarı da bazar dinamikasının balanslaşdırılması səylərinə töhfə verəcək”, - deyə məlumatda qeyd olunur.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib.
OPEC+ ölkələri nazirlərinin 2020-ci il dekabrın 3-də keçirilmiş iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması barədə qərar qəbul edilib. Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 milyon barrel, qeyri-OPEC ölkələri isə 2,636 milyon barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar-aprel aylarında Azərbaycan gündəlik xam neft hasilatını 595 min barrel səviyyəsində saxlamalıdır.*
N.Abbasova