SOCAR 2021-ci ilin birinci rübündə Bakı-Novorossiysk neft kəməri ilə 169,45 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə 2021-ci ilin birinci rübündə Azərbaycandan Novorossiysk limanına 169,45 min ton, martda isə 169,3 min ton neft nəql olunub”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
2020-ci ilin birinci rübündə Bakı-Novorossiysk kəməri ilə 29,55 min ton neft nəql edib. Beləliklə, ixracın həcmi 5,7 dəfə artıb.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvarında Azərbaycandan xammal nəqli Novorossiysk istiqamətində həyata keçirilməyib, çünki SOCAR-ın bütün həcmi BTC neft kəməri ilə nəql olunub.
SOCAR fevralın 15-dən Bakı-Novorossiysk kəməri ilə neft ixracını bərpa edib.
“Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin yanvarın 20-də bildirib ki, SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb.
“Yanacaq-Energetika Kompleksi Mərkəzi Dispetçer İdarəsi” Federal Dövlət Büdcə Müəssisəsinin məlumatına görə, SOCAR 2020-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 613,29 min ton neft nəql edib.
Azərbaycan 1997-ci ildən etibarən Bakı-Novorossiysk boru kəməri ilə öz neftini nəql edir.**
N.Abbasova