Bazar günü Azərbaycana COVAX platforması çərçivsində 84 min doza AstraZeneca vaksini (yeni adı Vaxzevria) gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bu gün Cənubi Koreyadan Bakıya 84 min doza AstraZeneca vaksinlərin ilk partiyası gətirilib.
Ümumilikdə, may ayının sonuna qədər Azərbaycana 432 min doza “AstraZeneca” vaksini gətiriləcək.
Bundan başqa, 8 həftə ərzində Azərbaycana 218,79 min doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Peyvəndləmənin 2021-2022-ci illərdə mərhələli şəkildə aparılması planlaşdırılır.
Azərbaycan Çinlə “SinoVac” şirkətinin istehsalı olan 5 milyon doza “CoronoVAC” peyvəndinin alınması haqqında müqavilə bağlayıb. Aprelin 1-də vaksinin 500 min dozalıq birinci partiyası Bakıya gətirilib.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. Türkiyədən 4 milyon doza “CoronaVac” peyvəndinin ölkəyə gətirilməsi haqqında $50 milyon dəyərində müqavilə bağlanılıb.
Bundan başqa, Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin ölkəyə idxalı haqqında müqavilə imzalayıb. İdxal 180 gün müddətində həyata keçirilməlidir. Həmçinin “AztraZeneca” şirkətinə məxsus 432 min doza vaksinin idxalı haqqında müqavilə bağlanıb. Eyni zamanda, COVAX platforması çərçivəsində də vaksinin (dəyəri $21 milyondan çox) alınması planlaşdırılır.**
B.Rüstəmbəyov