2020-ci ilin sonuna bank bazarında “PAŞA Bank”ın aktivlər üzrə payı 17% təşkil edib. Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
“Ötən ilin sonuna bankın aktivləri 6 milyard manatı ötüb. Bazarda bankın payı 17% (2018-ci ilin sonuna 13%) təşkil edib. 2020-ci ilin yekunları üzrə kredit portfeli 2,2 milyard manat təşkil edib ki, bu da 3 il ərzində 112% artım deməkdir. Bankın kreditlərinin 90%-ə qədəri real sektorun payına düşüb”, - deyə Kazımov bu gün bankın 2018-2020-ci illərdə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, bank 2018-2020-ci illərdə kiçik və orta biznesin kreditləşdirilmə həcmini artırmağa başlayıb və bu dövrün yekunları üzrə bu istiqamətdə kredit portfeli 600%-dən çox artıb.
“Biz 2018-ci ildən kiçik və orta biznesin kreditləşdirilməsi bazarına daxil olmağa qərar vermişik. Birinci ili institusional məqamlara və komandanın yaradılmasına sərf etdik. Növbəti 2 il ərzində kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə portfelimiz 154 milyon manat təşkil edib ki, bu da 600%-dən çox artım deməkdir. Bu sektorda müştərilərimizin sayı 1,5 mindən 9 minədək artıb”, - deyə sədr qeyd edib.
T.Kazımov əlavə edib ki, bank genişlənmə ilə yanaşı, aktivlərin keyfiyyətinin artırılmasına da diqqət yetirib, nəticədə bankın qeyri-işlək kredit portfeli üç il ərzində 12,8%-dən 2,5%-ə qədər azalıb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov