“PAŞA Bank” 2021-2023-cü illərdə kredit portfelinin artım tempini orta bazar səviyyəsində saxlamağı planlaşdırır. Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
“Biz bazardakı payımızı saxlamaq və kredit portfelinin artımı üzrə orta bazar templərini aşmamaq istəyirik. Ötən illər ərzində kredit portfelimizi kifayət qədər artırmışıq və 2021-2023-cü illəri əhatə edən növbəti strateji dövrdə portfelin keyfiyyətinə daha çox diqqət yetirəcəyik”, - deyə Kazımov bu gün bankın 2018-2020-ci illərdəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O əlavə edib ki, 2021-2023-cü illərdə bank biznesin və institusional istiqamətin inkişafını davam etdirməyi planlaşdırır, həmçinin bankın rəqəmsal inkişafına diqqət ayıracaq.
"Xüsusilə korporativ kredit portfelimizi 2 milyard manatdan 3 milyard manata qədər, kiçik və orta biznes üzrə portfelimizi 350 milyon manata qədər (2020-ci ilin sonuna 154 milyon manat) artırmağı planlaşdırırıq. Həmçinin mənfəətin kapitala nisbətini 30%, xərclərin kapitala nisbətini isə 34%-dən aşağı səviyyədə saxlamağı planlaşdırırıq", - deyə sədr qeyd edib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov