“PAŞA Bank” kiçik və orta biznes sahəsinin kreditləşdirilməsinin genişləndirilməsi fonunda regionlarda filiallarının sayını artıra bilər. Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
“Kiçik və orta biznesin kreditləşdirilməsi qarşıdakı 3 il ərzində əsas inkişaf istiqamətimiz olduğu üçün, eləcə də regionlarda kiçik və orta biznesin inkişafını nəzərə alaraq, ölkənin regionlarında “PAŞA Bank”ın yeni biznes mərkəzlərinin açılmasını istisna etmirik. Hazırda konkret qərarlar qəbul edilməyib, lakin tələbatdan asılı olaraq filial şəbəkəmizi genişləndirə bilərik”, - deyə Kazımov bu gün mətbuat konfransında "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualına cavabında bildirib.
Hazırda bankın Bakıda baş ofisi, 6 şöbəsi və valyuta mübadiləsi məntəqəsi, eləcə də 3 regional filialı (Gəncə, Zaqatala və Qubada) var.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov