Azərbaycan və İsrail ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün 20 hökumətlərarası sənədin hazırlanması üzərində işləyir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan-İsrail tərəfdaşlığı möhkəm, hərtərəfli və çoxşaxəlidir. Biz ölkələrimiz arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunuq. Əməkdaşlığı daha da gücləndirmək üçün 10-dan çox müqavilə imzalamışıq, daha 20 müxtəlif sənədin layihələri nəzərdən keçirilir. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı əsas yaradır”, - deyə C.Bayramov İsrailin “Israel Hayom” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail şirkətləri Qarabağın bərpası layihələrində iştirak edə bilərlər.
“Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra postmüharibə dövrünə qədəm qoyub. İndi əsas prioritetlərimiz azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin torpaqlarına geri qayıtmasıdır. Reabilitasiya prosesində dost ölkələrin və tərəfdaşlarımızın iştirakını alqışlayırıq. Əlbəttə ki, İsrail şirkətləri də bu prosesə qoşula bilər. İş yükü çox böyükdür. Bura minaların təmizlənməsi, infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd”lərin salınması daxildir”, - deyə XİN başçısı əlavə edib.*
R.Əhmədov