“PAŞA Bank” 2020-ci ildə ticarət və xidmət sahələrinin kreditləşdirilməsi üzrə portfelini 37,4% - 1 milyard 221,601 milyon manata qədər artırıb. Bunu bankın baş maliyyə inzibatçısı, İdarə Heyətinin üzvü Bəhruz Nağıyev deyib.
"2020-ci ilin yekunları üzrə ticarət və xidmət sahələrinin kreditləşdirilmə həcmi 1 milyard 221,601 milyon manata çatıb ki, bu da bankın ümumi kredit portfelinin 46%-ni təşkil edib. İl ərzində bu sahə üzrə kredit portfeli 37,4% artıb", - deyə Nağıyev bu gün 2018-2020-ci illərin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bundan başqa, 2020-ci ilin yekunları üzrə bankın kredit portfelinin strukturunda 340,344 milyon manat və ya 13% istehsal, 262,752 milyon manat (10%) tikinti sahələrinin, 241,685 milyon manat (9%) fiziki şəxslərin, qalan məbləğ isə digər sahələrin payına düşüb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov