SOCAR və “Qazeksport” MMC arasında imzalanmış qısamüddətli müqavilə üzrə Gürcüstana 150 milyon kubmetr civarında Rusiya qazı nəql olunacaq.
“Mart ayında RF tərəfi ilə Rusiya qazının Gürcüstana nəqli haqqında 1 aylıq müqavilə bağlanıb. Müqavilə 150 milyon kubmetr civarında Rusiya qazının Gürcüstana nəqlini nəzərdə tutur”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xatırladaq ki, martın 16-da SOCAR ilə Rusiya qazının daha sonra Ermənistandakı istehlakçılara tədarükü üçün Azərbaycan ərazisindən Gürcüstana nəqli haqqında qısamüddətli müqavilə imzalanıb. ““Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində təmir işləri ilə əlaqədar Rusiya qazı Ermənistana Azərbaycan ərazisi ilə nəql olunacaq. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək”, - deyə “Qazprom eksport”un məlumatında bildirilir.*
N.Abbasova