Prezident İlham Əliyev kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün işlərin davam etdirilməsi ilə bağlı tapşırıq verib.
“Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq. Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada əlbəttə ki, təkcə suvarma işləri yox, eyni zamanda, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz”, - deyə dövlət başçısı bu gün Zaur Mikayılovu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Digər kənd təsərrüfatı sahələrinə toxunan İ.Əliyev pambıqçılıq sahəsinin inkişafını xüsusi qeyd edib. “Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni, əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır”, – deyə o vurğulayıb.*
X.Nəsirzadə