Mayın 1-də “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Mayın 1-nə bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Gündəliyə “AFB Bank” ASC-nin 31 dekabr 2020-ci il tarixinə bitən maliyyə ili üzrə konsolidasiya əsasında hazırlanmış və kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatının auditor rəyi ilə birlikdə təsdiq edilməsi, bankın 2020-ci maliyyə ili üzrə xalis mənfəətinin bölüşdürülməsi məsələləri daxildir”, - bankdan qeyd ediblər.
Bundan başqa, səhmdarlar bankın cari fəaliyyəti ilə bağlı digər məsələləri də müzakirə edəcəklər.
2020-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 388,89 min manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 13,7% - İF) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
R.Əhmədov