Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində“Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ninyaradılması haqqında fərman imzalayıb.
Müvafiq fərman çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni on beş gün müddətində yaratmaq tapşırılıb.
Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Mərkəzin təsisçisi olan Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi tapşırılıb. **
N.Abbasova