Dövlət Vergi Xidməti informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiya hazırlamağı planlaşdırır, eləcə də yeni standartlar hazırlayacaq. Bu sözləri Vergi Xidməti rəisinin müşaviri Sərxan Həşimov deyib.
Onun sözlərinə görə, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sistemi yaradılacaq.
Müşavir əlavə edib ki, rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır.
Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron portalının yenilənməsi və mobil tətbiqinin yaradılması istiqamətində işlərə də start verilib.
“Əsas hədəflərdən biri də Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) yenilənməsi və təkmilləşdirilməsi üzrə işlərin koordinasiyasıdır. Bu məsələlərlə Dövlət Vergi Xidmətinin rəisinin əmri ilə 2021-ci ilin yanvarında yaradılmış Rəqəmsal Transformasiya Şurası məşğul olacaq”, – deyə S.Həşimov qeyd edib.*
B.Rüstəmbəyov