Dünya Bankı (DB) 2022-ci ildə Azərbaycan üzrə yeni strategiya hazırlamağı planlaşdırır. Bunu bankın Bakı ofisinin rəhbəri Sara Maykl deyib.
“Əvvəlki strategiyamız keçən il başa çatıb. Lakin biz tələsmirik və yeni strategiyanın hazırlanması istiqamətində işlər pandemiya ilə əlaqədar bir qədər ləng gedir. Bu, onunla şərtlənib ki, ortamüddətli dövrdə strateji cəhətdən daha vacib istiqamətləri müəyyən etmək çətindir”, - deyə o, "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.
S.Maykl qeyd edib ki, DB 2021-2025-ci illər üçün Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının hazırlanması çərçivəsində hökumətlə əməkdaşlıq edir və bunu ölkə üzrə öz strategiyasını hazırlayarkən nəzərə alacaq.
“Hökumət strategiyasının (2021-2025-ci illər üçün) ilin sonunadək hazırlanacağı gözlənilir. Biz isə paralel olaraq öz təhlillərimizi aparırıq - artıq özəl sektorun diaqnostikasının aparılmasına və iqtisadi vəziyyətin qiymətləndirilməsinə başlanılıb. Bundan sonra Azərbaycanla yeni əməkdaşlıq strategiyasının əsasını təşkil edəcək ölkə üzrə diaqnostikanın aparılması planlaşdırılır. Beləliklə, artıq bir ildən sonra Azərbaycan üzrə yeni strategiyamızın necə görünəcəyi ilə bağlı tam anlayışımız olacaq”, - deyə Bakı ofisinin rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, DB hökuməti müxtəlif qiymətləndirmələr və diaqnostikalarla, eləcə də müxtəlif ölkələrdə iş təcrübəsini bölüşməklə fəal şəkildə dəstəkləyir, bank Azərbaycanda biznes mühitinin inkişafı proqramının hazırlanmasında iştirak etməkdə maraqlıdır.
“İndi biz biznesə və sahibkarlara dəstək vermək üçün müxtəlif alətləri, onların digər ölkələrlə müqayisədə oxşarlığını və fərqini, həmçinin inkişaf etdirilməli olan məqamları fəal şəkildə öyrənirik. Bir neçə əsas məqam var – onlardan biri yeni texnologiyaları qəbul etmək imkanıdır və bu, Azərbaycanda, xüsusilə də neft sektorunda kifayət qədər yüksək səviyyədədir. Digər tərəfdən, inkişaf etdirilməli olan bəndlərdən insan kapitalının yaxşılaşdırılmasını qeyd edərdim. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) biznes mühitinin dəstəklənməsi istiqamətində böyük işlər görür. Hazırda onlar biznes yoxlamaları sistemində islahatlar üzərində işləyirlər”, – deyə S.Maykl əlavə edib.*
Ə.Məmmədov