Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akar hər iki ölkə ordularının avtomatlaşdırılmış idarəetmə sistemlərinin birgə fəaliyyətlərini izləyiblər.
“Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir. Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindənbildirilib.
Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra olunur.
Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlılığını və fasiləsizliyini yoxlayıb.
General-polkovnik Z.Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə videokonfrans rejimində əlaqə saxlayıb, təlimlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra təlimin idarəetmə məntəqəsində Z.Həsənovun Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birbaşa videobağlantısı baş tutub. “Videobağlantı zamanı müdafiə nazirləri rabitə qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili, həmçinin bu sahədə birgə tədbirlərin davam etdirilməsinin vacibliyini bildiriblər. Eyni zamanda, müdafiə nazirləri Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyğunluğunun təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndiriblər”, - deyə məlumatda qeyd olunur.
Birgə təlimlər aprelin 6-da başlayıb və aprelin 8-də başa çatacaq.*
R.Əhmədov