2019-cu ildə Azərbaycandan nağd xarici valyuta vəsaitlərinin çıxarılması ilə əlaqədar əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyır. Bu barədə Azərbaycan Mərkəzi Bankın bəyanatında deyilir.
Bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumat verilib.
Bu məlumatı şərh edən AMB qeyd edir ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.
“2019-cu il ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən $1,1 milyard ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilmişdir. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşımışdır”, - bəyanatda qeyd olunur.
Bəyanata əsasən, banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90%-dən çoxunu avroda olan vəsaitlər təşkil edir. “Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb», - bəyanatda vurğulanır. **
Ə.Məmmədov