Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının bərpası, onlara yardım göstərilməsi, regionda cinayətkarlığın artmasının qarşısının alınması Rusiya və Azərbaycan prokurorluqları arasında əməkdaşlığın prioritet istiqamətləridir. Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, bunu ölkənin baş prokuroru İqor Krasnov bu gün Prezident İlham Əliyevlə görüşdə bildirib.
Krasnov qeyd edib ki, Rusiya və Azərbaycanın prokurorluq orqanlarının işçiləri öz səlahiyyətləri çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsində fəal iştirak edirlər.
“Bu cür qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini humanitar xarakterli məsələlər, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının bərpası üzrə səylərin birləşdirilməsi, onlara yardım göstərilməsi, regionda cinayətkarlığın artmasının qarşısının alınması üzrə tədbirlərin görülməsi və transmilli kriminal təzahürlərlə mübarizə təşkil edir”, - deyə o vurğulayıb.*