Cari ilin I rübündə Azərbaycanda icbari tibbi sığorta (İTS) yığımları 112,3 milyon manatdan çox olub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu ildən icbari tibbi sığorta yığımlarının tətbiqinə başlanıb. I rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 milyon manat artıq)”, - deyə o, Facebook səhifəsində yazıb.
Nazir qeyd edib ki, icbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.
2020-ci ilin yanvar ayından ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. 2021-ci ilin yanvar ayından etibarən bu sistem 36 şəhər və rayonda, aprelin 1-dən isə qalan 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları) tətbiq olunub.
İTS-in tətbiqi sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2021-ci ilin dövlət büdcəsindən 1 milyard 44,7 milyon manat ($614,5 milyon) ayrılacaq ki, bu da 2020-ci illə müqayisədə 6,2% çoxdur.*
Ə.Məmmədov