Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini zəruri hesab edir.
Japarov Azərbaycanın Bişkəkdəki səfiri Hidayət Orucovu qəbul edib.
“Dövlət başçısı vəziyyətin qaydaya salınması üçün 2021-ci ildə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, biznes nümayəndələrinin səfərlərinin təşkili, həmçinin qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsi yolu ilə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin aktivləşdirilməsini təklif edib”, - deyə Qırğızıstan prezidentinin saytı xəbər verir.
Japarov yüksək və ali səviyyədə siyasi dialoqun dəstəklənməsinin əhəmiyyətini vurğulayıb, Qırğızıstan tərəfinin Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərini gözlədiyini bildirib.
Onun sözlərinə görə, Qırğızıstan ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının əsas istiqamətlərindən biri böyük, lakin reallaşdırılmamış potensiala malik iqtisadi əməkdaşlığın şaxələndirilməsidir.
Japarov, həmçinin iki layihənin (Bişkək şəhərində Heydər Əliyev adına ümumtəhsil məktəbinin və Qırğızıstan-Azərbaycan Dostluq Parkının tikintisi) həyata keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, Prezident Əliyevin Qırğızıstana səfərinə qədər bu layihələrin başa çatdırılacağına əminliyini ifadə edib.
Qırğızıstan prezidenti Bakı-Bişkək birbaşa hava əlaqəsinin bərpası məsələsinə toxunaraq onun müsbət məcrada həllini sürətləndirməyi təklif edib.
Öz növbəsində, Orucov iqtisadi əməkdaşlığın inkişafı üçün istifadə olunmamış böyük potensialın olduğunu qeyd edərək, Azərbaycan tərəfinin Qırğızıstana yeni investisiyalar cəlb etməyə hazır olduğunu bildirib.
Səfir Qırğızıstan prezidentinin həyata keçirdiyi islahatlar siyasətinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb və ölkə başçısı adından Japarovu Azərbaycana səfərə dəvət edib.
“Həmçinin ölkələr arasında diplomatik-siyasi, iqtisadi-ticarət, sosial-humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov