Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ukraynanın Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidməti ərzaq məhsullarının təhlükəsizliyi sahəsində sazişlər imzalamağı planlaşdırır.
“Aprelin 8-də AQTA və Ukrayna Dövlət Xidməti arasında aparılan məsləhətləşmələr zamanı iki ölkənin baytarlıq, fitosanitariya və ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlığı məsələləri müzakirə edilib. Həmçinin iki ölkə arasında ərzaq məhsullarının təhlükəsizliyi sahəsində Sazişin imzalanması da müzakirə mövzusu olub. Sözügedən sənədə baxılması prosesi hazırda başa çatmaq üzrədir. Saziş ikitərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmağa, biznes nümayəndələri üçün bazarları daha əlçatan etməyə və dövlət büdcəsinə daxilolmaları artırmağa kömək edəcək”, - deyə Dövlət Xidmətinin məlumatında bildirilir.
“İxrac-idxal əməliyyatlarının həcmi daim artır və əməkdaşlığımızın daha da inkişafı üçün bütün lazımi şəraitimiz var”, - deyə Dövlət Xidmətinin sədri Vladislava Maqaletskaya bildirib.
Məlumata görə, 1993-cü ildə MDB çərçivəsində imzalanmış “Baytarlıq sahəsində əməkdaşlığa dair” Saziş qüvvədən düşdükdən sonra 2021-ci il aprelin 13-dən Ukrayna ilə Azərbaycan arasında ixrac və idxal üzrə yeni qaydalar qüvvəyə minəcək.
“Bununla əlaqədar olaraq Ukrayna Dövlət Xidməti yeni qaydalara keçidin heç bir maneə olmadan həyata keçirilməsi, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün AQTA ilə sıx əməkdaşlıq edir”, - deyə qurum qeyd edir.
Məlumata görə, Ukrayna və Azərbaycan artıq baytarlıq sertifikatlarının 7 növünü, o cümlədən bitki mənşəli yemlərin, heyvan mənşəli xammalın, ət, ət və süd məhsullarının, balıq və balıq məhsullarının Azərbaycana ixracına dair sertifikatları razılaşdırıb. Həmçinin heyvan mənşəli məhsulların (bal, arıçılıq məhsulları, yumurta və s.) Azərbaycana ixracı üçün baytarlıq sertifikatlarının layihələri də qarşı tərəfdə baxılma mərhələsindədir”, - deyə məlumatda bildirilir.*
N.Abbasova