2021-2023-cü illər üçün SOCAR-ın kapital qoyuluşları 9 milyard manat (cari məzənnə ilə $5,3 milyard) məbləğində qiymətləndirilir.
“2021-2023-cü illərdə şirkətin kapital qoyuluşları bu dövrdə manatın sabit məzənnəsi 1,7 manat/1USD olmaqla 9 milyard manat təşkil edəcək”, - deyə agentliyin press-relizində bildirilir.
Agentlikdə hesab edirlər ki, ortamüddətli dövrdə SOCAR-ın kapital qoyuluşları orta səviyyədə olacaq, belə ki, əsas layihələr - Cənub Qaz Dəhlizi (CQD), Türkiyədəki STAR neft emalı zavodu artıq işə salınıb və böyük həcmdə əlavə kapital axını tələb etməyəcək. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bununla yanaşı, SOCAR digər layihələrə – karbohidrogen kəşfiyyatı və hasilatı, H.Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrinə kapital qoymağı planlaşdırır.
“Fitch”in proqnozlarına görə, 2021-ci ildə 1 barel neftin orta qiyməti $58, 2022-ci ildə $53 təşkil edəcək.
Agentliyin qiymətləndirmələrinə görə, qarşıdakı üç il ərzində SOCAR karbohidrogen hasilatını sabit səviyyədə saxlaya biləcək. Bundan başqa, Dövlət Neft Şirkəti hökumətin daimi və hərtərəfli dəstəyinə arxalana bilər.
“Fitch”in analitikləri qeyd edirlər ki, 31 dekabr 2020-ci il tarixinə olan vəziyyətə görə, SOCAR-ın likvidliyi təxminən 8 milyard manata yaxın olub ki, bu da şirkətin qısamüddətli borcunun həcmi ilə müqayisə edilə bilər.*
N.Abbasova