Qarabağda müharibənin yenidən başlaması riski minimaldır, mövcud vəziyyət Azərbaycanın maraqlarına cavab verir. “Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin belə hesab edir.
“Qarabağda hərbi əməliyyatların yenidən başlaması riski minimaldır. Fors-major hallar mümkündür, lakin ümumilikdə geosiyasi, hərbi-strateji diplomatik, beynəlxalq hüquqi vəziyyətlə əlaqədar hərbi əməliyyatların yenidən başlaması riski 99% minimallaşdırılıb”, - deyə Pritçin bu gün Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün nə resursları, nə də imkanları var. “Bütövlükdə, mövcud status-kvo Azərbaycanın maraqlarına cavab verir. Vəziyyət nisbətən sabitdir. Öz növbəsində, Azərbaycanın qarşısında Yerevanla münasibətləri normallaşdırmaq vəzifəsi durur”, - deyə o qeyd edib.
Pritçinin sözlərinə görə, üçtərəfli bəyanatın əsas bəndləri demək olar ki, həyata keçirilib. “Məsələlər tədricən həll edilir. Optimal ssenari - bütün məsələlərin həlli, iqtisadi fəallıq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Bu gün bu, (münasibətlərin normallaşdırılması - İF) bir qədər qeyri-real görünür. Bu, çoxillik işdir, həll edilməli olan çox məsələ var, maneələr və risklər mövcuddur”, - deyə rusiyalı ekspert vurğulayıb.*
X.Nəsirzadə