Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, “narıncı inqilablar”ın baş verdiyi ölkələr uzun müddət ərzində böhrandan çıxa bilmirlər.
«2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək”, - Əliyev bazar ertəsi Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.
“Mən bunu qoymurdum. Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da “narıncı inqilab” dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu, indi hər kəs görür”, - prezident deyib.
Əliyev vurğulayıb ki, “narıncı inqilab” baş verdiyi ölkələr bərbad vəziyyətdədir, “Böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır”, - Azərbaycan prezidenti əlavə edib. **
B.Rüstəmbəyov