Prezident İlham Əliyev müharibədən sonra Qarabağla bağlı müəyyən sualların qaldığını bəyan edib.
“Münaqişədən sonrakı vəziyyət çox kövrəkdir. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır”, - deyə dövlət başçısı bu gün “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında bildirib.
İ.Əliyev əlavə edib ki, Azərbaycan Ermənistanla Qarabağa dair sülh sazişi imzalamağa hazırdır, lakin İrəvandan cavab addımları görmür. “Mən artıq demişəm ki, biz sülh sazişi imzalamağa hazırıq. Lakin İrəvandan cavab addımları görmürük. Əksinə, aqressiv bəyanatlar səsləndirir, Ermənistanın XİN başçısının bəyanatlarında Azərbaycanofobiya, türkfobiya təzahürləri var”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident Ermənistanı Qarabağda revanş cəhdlərindən çəkinməyə çağırıb.
Onun sözlərinə görə, Qarabağda törədilmiş dağıntılar Bakının gözləntilərini aşıb. “Zaman-zaman həmin ərazilərə səfər edən beynəlxalq nümayəndələr tərəfindən bəzi videogörüntülər, bəzi məlumatlar var idi. Lakin bizim azad etdiyimiz ərazilərdəki dağıntılar gözləntilərimizi aşıb”, - deyə İ.Əliyev bildirib.*
A.Əzizov