Prezident İlham Əliyev bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə “İsgəndər-M” raketinin qalıqlarının tapılması ilə bağlı məlumatı müzakirə edib, Müdafiə Nazirliyi RF Müdafiə Nazirliyinə rəsmi məktub göndərib.
"Aprelin 1-də rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Bildiyiniz kimi, adətən telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumatlar verilir. Ancaq mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq”, - deyə dövlət başçısı bu gün “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında bildirib.
İ.Əliyev rəsmi Yerevanın raketlər barədə bəyanatını qəribə adlandırıb. “Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”, - deyə o əlavə edib.*
A.Əzizov