Azərbaycanın xarici borcu ÜDM-in 18%-ni təşkil edir, qarşıya xarici borcun ÜDM-in 10%-dək azaldılması hədəf qoyulub. Bunu prezident İlham Əliyev deyib.
“Bizim xarici borclarımız ÜDM-in təqribən 18 faizidir. Qarşıya dünyada ən yaxşı nəticələrdən birini – xarici borcu ÜDM-in 10 faizinədək azaltmağı hədəf qoymuşam”, - deyə dövlət başçısı bu gün “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.
O qeyd edib ki, Azərbaycan xarici yardımdan asılı deyil.
“Bizim yoxsulluq ilə bağlı çox aşağı göstəricilərimiz var. Təqribən 5 faizdir”, - deyə prezident qeyd edib.
Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına toxunan İ.Əliyev vurğulayıb: “Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar artıq işlərə başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var”.
2020-ci ilin yekunları üzrə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $8 milyard 821,5 milyon təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 3% azdır.*
B.Rüstəmbəyov