Azərbaycan cari ilin II-III rüblərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirməyi təklif edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında deyilir.
“Ukraynanın infrastruktur naziri Vladislav Krikli bu gün Azərbaycana səfəri çərçivəsində energetika naziri və Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının həmsədri Pərviz Şahbazovla görüşüb. Nazirlər Hökumətlərarası Komissiyanın sonuncu iclasında qəbul edilmiş qərarların icrası ilə bağlı hər iki tərəfin əldə etdiyi irəliləyişləri müzakirə ediblər. Energetika naziri bu ilin iyun və ya sentyabr aylarında Bakıda Hökumətlərarası Komissiyanın 13-cü iclasının keçirilməsini təklif edib”, - deyə məlumatda bildirilir.
Krikli vurğulayıb ki, pandemiya və böhrana baxmayaraq, Azərbaycan Cənubi Qafqazda Ukraynanın əsas ticarət tərəfdaşı olaraq qalır. O, Ukrayna tərəfinin ikitərəfli münasibətləri daha da dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb.
Nazirlər, həmçinin birgə infrastruktur layihələrinin reallaşdırılmasında, xüsusilə də SOCAR-ın sərmayələrinin iştirakı ilə Ukraynanın Xerson vilayətindəki “Çonqar” nəzarət-buraxılış məntəqəsində servis mərkəzinin tikintisi üzrə irəliləyişi müzakirə ediblər.
“Tərəflər Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpası kontekstində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər və konkret layihələrə baxılması üçün özəlləşdirmə üzrə İşçi Qrupun ilk iclasının keçirilmə tarixini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
Ukraynalı nazir qurumun infrastruktur və nəqliyyat sahəsində perspektivli investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı planlarını bölüşüb və Azərbaycanın biznes nümayəndələrini bu layihələrdə iştirak etməyə dəvət edib.
“Bundan əlavə, tərəflər dövlət-özəl tərəfdaşlıq layihələrinin dəstəklənməsi üçün Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılmasının vacibliyini və bu istiqamətdə gələcək addımları müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*
N.Abbasova