2020-ci ildə “Qala Həyat Sığorta” şirkətinin xalis mənfəəti 2 milyon 189 min 167,68 manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 16,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2020-ci il ərzində onun gəlirləri 17 milyon 494 min 383,09 manat, o cümlədən sığorta haqları 15 milyon 950,617 min manat (2019-cu illə müqayisədə artım 7,5%), investisiya gəlirləri 1 milyon 593,74 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2020-ci ildə şirkətin xərcləri 14 milyon 514 min 769,74 manat, o cümlədən sığorta ödənişləri 4 milyon 51,944 min manat (azalma 35,3%), təkrar sığortaya verilən sığorta haqları 2 milyon 217,526 min manat, işlərin aparılması xərcləri 6 milyon 375,302 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə şirkətin vergiödənilənədək mənfəəti 2 milyon 979 min 613,35 manat, mənfəət vergisi üzrə ödənişlər 790 min 445,67 manat təşkil edib.
Hesabat ilində şirkətin aktivləri 8,4% - 38 milyon 920,683 min manata, öhdəlikləri 6,8% - 13 milyon 242,935 min manata, kapitalı 9,3% – 25 milyon 677,748 min manata qədər artıb.
2020-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 10,8% - 5 milyon 665 min manata qədər artıb.
“Qala Həyat Sığorta” şirkəti 2008-ci ilin iyul ayında sığorta fəaliyyəti üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 13 milyon 41,6 min manata bərabərdir.*
Ə.Məmmədov