2021-ci ildə Gəncə Avtomobil Zavodunda 1,3 min ədədə yaxın Belarus traktorunun yığılması planlaşdırılır. Bu barədə jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
“BELTA” agentliyinin məlumatına görə, səfir Gəncə şəhərində Belarus texnikasının yığılmasını ixrac potensialının əsaslarından biri adlandırıb. 2007-ci ildən Gəncə Avtomobil Zavodunda 11,5 mindən çox Belarus traktoru, həmçinin 3,5 minə yaxın MAZ, "AMKODOR", "Belkommunaş" və "Qomselmaş" texnikası yığılıb. Diplomat vurğulayıb ki, hər iki ölkə sənaye kooperasiyasının inkişafında maraqlıdır.
“Bu il artıq 275 ədəd MTZ traktor komplekti alınıb, onların yığılması prosesi gedir. Mart ayında 450 traktor komplektinin tədarükü haqqında müqavilə bağlanıb. İndi 550 traktor komplektinin tədarükü haqqında müqavilənin imzalanması planlaşdırılır. Bu, ildə 1 275 traktor komplekti deməkdir. Prinsipcə, bu, pis məbləğ deyil”, - deyə Ravkov qeyd edib.
Onun sözlərinə görə, tərəflər, həmçinin digər Belarus texnikasının istehsal həcmlərinin bərpası ilə də məşğul olmaq niyyətindədir. Birgə yığılmış texnika ilə Türkiyə bazarına çıxmaq ideyası üzərində iş aparılır.*
R.Əhmədov