Rəsmi Bakı Ermənistan Xarici İşlər Nazirliyini Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürməkdən çəkinməyə çağırır, bunu İrəvanın münasibətlərin normallaşdırılmasına hazır olmaması kimi qiymətləndirir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Ermənistan tərəfinin hər fürsətdə dilə gətirdiyi “hərbi əsirlər” mövzusu ilə bağlı, bir daha Ermənistan XİN-ə yalan və iftira dolu ritorikadan çəkinməyi məsləhət görürük. Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri “hərbi əsir” hesab oluna bilməz, bunu dəfələrlə bəyan etmişik. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir, 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın icrası ilə bağlı bütün tədbirləri həyata keçirir, o cümlədən erməni hərbi əsirləri qısa müddət ərzində Ermənistan tərəfinə qaytarıb”, - deyə açıqlamada bildirilir.
XİN qeyd edir ki, Ermənistan üçtərəfli razılığa zidd olaraq, Azərbaycanın ünvanına əsassız ittihamlarla çıxış edir. “Ermənistanın Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir”, - deyə XİN vurğulayır.*
A.Əzizov