Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, bunun üçün İrəvan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Əlbəttə ki, mən Türkiyənin adından danışa bilmərəm, lakin deyə bildiyim sirr deyil. Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər”, - Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçılarının suallarına cavabında bildirib.
Prezidentin bildiyinə görə, Türkiyə hökuməti buna hazırdır.
“Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar və bu zəhərli ideyaların təsiri altındadırlar. Biz bu işdə onlara kömək etməyə hazırıq”, - o qeyd edib.
Əliyev Ermənistanı Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyə çağırıb.
“Biz Türkiyəyə münasibətdə siyasətlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı Ermənistan isteblişmentində bəzi işarələr və bəzi zəif fikirlər görürük.Bildiyimə görə, Türkiyə hökuməti addımlarını çox konstruktiv şəkildə planlaşdırır. Lakin, əlbəttə ki, onlar adekvat cavab almalıdır. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər. Onlar bunu planlaşdırırlar. (...) Lakin, eyni zamanda, düşünürəm ki, onlara yaxşı məsləhət verə bilərəm. Öz konstitusiyalarından Türkiyəyə qarşı ərazi iddialarını çıxarsınlar”, - Azərbaycan prezidenti vurğulayıb. **
A.Əzizov