Milli Məclisin spikeri Sahibə Qafarova çərşənbə günü Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb. Bu barədə Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Məlumata əsasən, səfər aprelin 16-dək davam edəcək.
“Əvvəlcə Sankt-Peterburqun Tavriya Sarayında keçiriləcək Şura iclasında sessiyada müzakirə olunacaq məsələlərə baxılacaq, plenar iclasda isə “Pandemiya dövründə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinin bu prosesdə rolu” mövzusunda müzakirələr aparılacaq. Deputatlarımız təşkilatın daimi komissiya iclaslarında müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər”, - məlumatda deyilir.
Bundan başqa, Azərbaycan parlamentinin nümayəndə heyəti Sankt-Peterburqda keçiriləcək “COVID-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorçuluq və zorakı ekstremizm” mövzusunda beynəlxalq parlament konfransında iştirak edəcək.
Həmçinin, Qafarova Sankt-Peterburqda tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. **
X.Nəsirzadə