2021-ci ilin birinci rübündə Azərbaycan əhalisi ticarət obyektlərindən 9 milyard 524,8 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 5 milyard 177,6 milyon manat (2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 1,1%), qeyri-ərzaq mallarının alınmasına 4 milyard 347,2 milyon manat (azalma 4,7%) sərf olunub.
2021-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat aylarında istehlak məhsullarının dəyər ifadəsində 25,8%-i ticarət müəssisələri, 50,1%-i fərdi sahibkarlar tərəfindən, 24,1%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3% artıb, fərdi sahibkarlar üzrə 3,7% artıb, bazar və yarmarkalarda 16,3% azalıb.
2021-ci ilin yanvar-mart aylarında ticarət şəbəkəsində bir ölkə sakini 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.**
B.Rüstəmbəyov