Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Sumqayıtda ikinci yaşayış kompleksinin tikintisinin həyata keçirilməsinə başlayıb.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, yeni kompleks Dənizkənarı Bulvar ərazisində 2 hektar sahədə inşa olunacaq.
MİDA yaşayış kompleksinin tikintisinin layihələndirilməsi məqsədi ilə mühəndis-geoloji və geofiziki tədqiqat işləri ilə bağlı “Mənzil Kiçik Müəssisəsi” ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 17,78 min manatdır.
Hazırda MİDA Sumqayıt şəhərində ümumi sahəsi 0,76 hektar olan ərazidə yaşayış kompleksinin tikintisi layihəsini reallaşdırır. Yaşayış kompleksi 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Bütün işlərin 2020-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 36-sı birotaqlı, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.*
N.Abbasova