Prezident İlham Əliyev Özbəkistana rəsmi səfər etməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov məlumat verib.
“Prezident İlham Əliyevin Özbəkistana səfəri gözlənilir. Hazırda sənədlər paketinin hazırlanması üzərində iş aparılır, həmçinin iki-üç illik dövrü əhatə edən iş planı hazırlanır”, - deyə o, bu gün “Caspian Energy Club”ın təşkil etdiyi biznes forumda bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan və Özbəkistan tərəflərinin əməkdaşlığın genişləndirilməsinə dair bütün təklifləri “Yol Xəritəsi”nə daxil ediləcək.
Aşrafxanov Azərbaycan şirkətlərini 18-20 may 2021-ci il tarixlərində Özbəkistanda keçiriləcək 24-cü Beynəlxalq Neft-Qaz sərgisində iştirak etməyə dəvət edib.
Prezident İlham Əliyev ötən ilin avqust ayında koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını və epidemioloji vəziyyət imkan verən kimi bu ölkəyə səfər edəcəyini bildirmişdi.*
X.Nəsirzadə