2020-ci ilin yekunları üzrə Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi $80 milyona çatıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Özbəkistanın Bakıdakı səfiri Baxrom Aşrafxanov deyib.
“Qeyd etmək istəyirəm ki, son illərdə ticarət dövriyyəsində müsbət tendensiyalar müşahidə olunub. Son üç ildə ölkələrimiz arasında ticarət dövriyyəsi üç dəfə artıb və 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, qarşılıqlı ticarət dövriyyəmiz 13% artaraq $80 milyona çatıb”, - deyə o, bu gün “Caspian Energy Club”ın təşkil etdiyi biznes forumda bildirib.
Səfir, həmçinin qeyd edib ki, hazırda Özbəkistanda Azərbaycan kapitalı ilə 195 müəssisə fəaliyyət göstərir və onların 69-u birgə müəssisədir.
Diplomat vurğulayıb ki, rəsmi Daşkənd Azərbaycanı Aralıq dənizi bazarına çıxmaq üçün nəqliyyat-logistika mərkəzi hesab edir. “Özbəkistan Transxəzər və Transqafqaz dəhlizlərini perspektivli və strateji dəhlizlərdən biri hesab edir. Gələcəkdə biz yalnız Özbəkistandan deyil, bütün Mərkəzi Asiyadan, hətta Çindən yüklərin daşınmasını (Özbəkistan-Xəzər-Qafqaz marşrutu ilə) həyata keçirə, daha sonra isə Aralıq dənizinə çıxa bilərik. Buna görə də Özbəkistan birgə nəqliyyat-logistika şirkətlərinin yaradılmasında maraqlıdır”, - deyə B.Aşrafxanov qeyd edib.
Bununla yanaşı, o, Daşkəndin Özbəkistanda Azərbaycan Ticarət evlərinin açılmasına kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.*
X.Nəsirzadə