"AzerGold" QSC geoloji işlər üçün cihaz, mal və materialların alınmasına 588 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “AzerGold” zəruri məhsulların tədarükçüsü qismində “Maybo” MMC-ni seçib. Şirkətlə ümumi dəyəri 587 min 589,93 manat olan iki müqavilə imzalanıb.
Birinci müqavilə “AzerGold”un sifarişi ilə mədən ərazisində geoloji işlər üçün cihazların tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 278 min 743,14 manat təşkil edir.
İkinci müqavilə sifarişçiyə geoloji işlər üçün cihaz, mal və materialların tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 308 min 846,79 manat təşkil edir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova