“Azər-Türk Bank” 2021-ci ilin birinci rübündə aktivlərini 8% - 330,579 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il martın 31-nə bankın kredit portfeli (mümkün itkilərin qarşılanması üçün yaradılmış ehtiyatlar nəzərə alınmadan) 162,463 milyon manat (azalma 2,9%) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 43,759 milyon manat (artım 3,6%), biznes kreditləri üzrə portfel 27,52 milyon manat (azalma 29,1%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 274,226 milyon manata bərabərdir (azalma 9,6%). 2021-ci il martın sonuna depozit portfeli 159,948 milyon manat (azalma 11,1%), o cümlədən fiziki şəxslərin əmanətləri 73,564 milyon manat (azalma 8,9%) təşkil edir.
Aprelin əvvəlinə “Azər-Türk Bank”ın kapitalı 56,353 milyon manata (artım 0,8%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
Birinci rübün yekunları üzrə bankın xalis mənfəəti 520 min manat təşkil edib (2020-ci ilin birinci rübü ilə müqayisədə artım 38,3% - İF).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.**
Ə.Məmmədov