2021-ci ilin birinci rübündə Azərbaycandan qaz ixracı 5 miluard 128 milyon 958,243 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR şirkətindən məlumat verilib.
“2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan qaz ixracı 5 miluard 128 milyon 958,243 min kubmetr təşkil edib, bu da ötən ilin analoji dövrünün göstricisindən 45% çoxdur. İxracın bu cür artımı əsasən TAP-ın istifadəyə verilməsi ilə əlaqədardır”, - şirkətdən bildiriblər.
SOCAR-ın məlumatına görə, 2021-ci ilin birinci rübündə Azərbaycan Qaz Emalı Zavodunda 1 milyard 145 milyon 550,179 min kubmetr qaz emal olunub.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycandan qaz ixracı 13,396 milyard kubmetr təşkil edib.
Hazırda Azərbaycan qazı Gürcüstan, Türkiyə və Avropaya Cənub Qaz Dəhlizi sistemi ilə ixrac olunur.
“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
2021-ci ildə CQD ilə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz nəql olunacaq. **
N.Abbasova