Cümə günü Azərbaycan prezidenti İlham Əıliyevin Bakının Pirşağı qəsəbəsində təməlini qoyduğu yenidənqurma tədbirləri qəsəbədə əhalinin məşğulluğun səviyyəsi və turizmin inkişafına müsbət təsir göstərəcək. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məlumata əsasən, yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.
Bundan başqa, həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələri, ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.
Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Bu hamam XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanıyır.
Bundan başqa, Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır. **
X.Nəsirzadə