Ötən ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az)1,34 milyondan çox istifadəçi qeydə alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
“2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 026 757 nəfərə çatıb ki, bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67 101 388 kassa çeki üzrə 26 770 074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb”, - deyə məlumatda qeyd edilir.
““ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 111 792 çek üzrə 60 192 462 manat ƏDV məbləği geri qaytarılıb”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev 2020-ci ilin mart ayında “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiq edib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət və iaşə obyektlərində ödənişlər zamanı ƏDV-nin bir hissəsini 30 gün ərzində geri ala bilərlər.
ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil etməlidir. Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir. Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank qaytarılmalı olan məbləği 10 gün müddətində istehlakçının kartına və ya bank hesabına köçürür. Beləliklə, ƏDV-nin bir hissəsinin qaytarılması prosesi portala müraciət olunduğu gündən etibarən 30 gün müddətində həyata keçiriləcək.
Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır. Bundan başqa, əcnəbi vətəndaşlar ƏDV-nin bir hissəsinin qaytarılmasını nəzərdə tutan Tax Free sistemindən istifadə etmək imkanına malikdirsə, iki variantdan yalnız birini seçə biləcəklər.
Qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 15%-ni təşkil edir.*
Ə.Məmmədov