Prezident İlham Əliyev aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb. İşçi qrupun rəhbəri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.
İşçi qrupun üzvləri iqtisadiyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, energetika nazirinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, “Azərişıq” ASC sədrinin müavini və “Azərsu” ASC sədrinin müavinidir.
İşçi qrupa aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.*
B.Rüstəmbəyov