2021-ci ilin yanvar-mart aylarında Azərbaycan 117 min 226,73 ton polimer məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2021-ci ilin yanvar-mart aylarında $90 milyon 238,29 min dəyərində 117 min 226,73 ton plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar və dəyər ifadəsində 1,9 dəfə artıb. Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 2,18%, qeyri-neft ixracının strukturunda 17,99% təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-mart aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 33 min 746,75 ton ($35 milyon 142,44 min) ilkin formada polietilenin, 23 min 987,7 ton ($26 milyon 790,99 min) ilkin formada polipropilenin, 5 min 572 ton ($7 milyon 845,19 min) ilkin formada propilen sopolimerlərinin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” şirkətinin zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu zavodların fəaliyyətindən şirkətin $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.*
N.Abbasova