Britaniyanın "Anglo Asian Mining" şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2021-ci ilin I rübündə 15,81 min unsiya qızıl ekvivalenti (GEO) həcmində qiymətli metal hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,2% azdır. Bu barədə şirkətin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, cari ilin yanvar-mart aylarında şirkət tərəfindən Azərbaycanda 11,907 min unsiya qızıl (azalma 25%), 0,638 min ton mis (artım 14%), 35,365 min unsiya gümüş (artım 2,1%) hasil edilib.
Hesabat dövründə “Gədəbəy” yatağından 11,541 min unsiya qızıl (azalma 23,2%), 4,916 min unsiya gümüş (artım 27,6%) hasil edilib.
“Hesabat dövründə şirkət tərəfindən dünya bazarlarında bir unsiyası $1,697 min dəyərində 5,635 min unsiya qızıl külçə (azalma 49,8%) satılıb. 2020-ci ilin I rübündə bu məbləğ $1,577 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu ilin I rübündə şirkət mis konsentratı satmayıb, çünki alıcılarla yenidən baxılmış müqavilələr Azərbaycan hökumətinin təsdiqini gözləyirdi. Artıq hökumət tərəfindən yeni müqavilələr təsdiq edilib.
“Martın 31-nə şirkətin $15,2 milyon məbləğində satılmamış qiymətli metal (5,592 min unsiya qızıl) və $5,5 milyon məbləğində mis konsentratı ehtiyatı olub”, - deyə məlumatda qeyd olunur.
Hazırda “Anglo Asian Mining” qiymətli metal hasilatını “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən həyata keçirir.
Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.*
N.Abbasova