Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib. Bu barədə şirkətin məlumatında deyilir.
“Zeynalova bu postda Vahid Mürsəliyevi əvəz edəcək. V.Mürsəliyev müqavilə müddəti bitdiyi üçün tutduğu vəzifədən ayrılıb. Yeni prezidentinin əsas prioriteti “Azercell”in kommunikasiya üzrə fəaliyyətinin inkişafı ilə yanaşı, Azərbaycanda rəqəmsal transformasiyada qabaqcıl mövqeyini təmin etmək olacaq”, - deyə məlumatda bildirilir.
Z.Zeynalova dünyanın müxtəlif coğrafi bölgələrində 25 ildən artıq idarəetmə və təşkilati inkişaf üzrə peşəkar təcrübəyə malikdir. O, 20 il müddətində BP şirkətinin Azərbaycan, Birləşmiş Krallıq və ABŞ ofislərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Həmçinin “PricewaterhouseCoopers” (PwC) və “Pasha Construction Group” şirkətlərində rəhbər vəzifələrdə işləyib.
“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda şirkətin abunəçilərinin ümumi sayı 5 milyon təşkil edir. Azərbaycanın mobil rabitə bazarında “Azercell Telekom”un bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 93,6%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,65%-dir.*
N.Abbasova