Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, may ayının sonunadək Ağdam şəhərinin baş planının ilkin versiyası hazır olacaq.
“Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır”, - Əliyev çərşənbə axşamı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Kəndlərin bərpasına toxunan Əliyev qeyd edib ki, ilk növbədə, mövcud infrastruktura yaxın olan kəndləri bərpa etmək lazımdır. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın bir çox xarici tərəfdaşları Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər.
“Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın», - Əliyev əlavə edib. **
Ə.Məmmədov