2021-ci ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin profisiti 212,7 milyon manat və ya ÜDM-nin 1,1%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat (icra 100,4%) təşkil edib.
Gəlirlərin strukturunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat (proqnozun 121,1%-i, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 2,2%), o cümlədən qeyri-neft sektorundan 1 milyard 507 milyon manat (artım 7,9%) və ya qurumun xətti ilə bütün yığımların 72,2%-i daxil olub.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 943,6 milyon manat (proqnozun 120,2%-i) daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 513,7 milyon manat vəsait transfert edilib, digər gəlirlər 78,4 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 115 milyon manat təşkil edib.
Yanvar-mart aylarında dövlət büdcəsinə daxilolmalar 5 milyard 523,7 milyon manat (2020-ci ilin I rübü ilə müqayisədə artım 5,1%) və ya proqnozun 102%-ni təşkil edib.
Sosial xərclər 2 milyard 651,6 milyon manat və ya hesabat dövründə dövlət büdcəsinin bütün xərclərinin 48%-ni təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə onların həcmi 5,2% artıb.
I rübdə dövlət büdcəsinin cari xərcləri 4 milyard 20,5 milyon manat (bütün xərclərin 72,8%-i), əsaslı xərclər 1 milyard 105,7 milyon manat (20%), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 397,5 milyon manat (7,2%) təşkil edib.
Hesabat dövründə ümumi büdcə gəlirləri 6 milyard 968,8 milyon manat (artım 26,5%), xərcləri 5 milyard 921,3 milyon manat (artım 3,6%), profisiti 1 milyard 47,5 milyon manat və ya ÜDM-nin 5,5%-i səviyyəsində olub.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir, büdcə kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-nin 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov