Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökuməti ilə fondun Nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrə başlayıb. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
“19 aprel - 07 may 2021-ci il tarixlərində BVF-nin Maddələr Sazişi IV üzrə virtual missiyası öz işinə başlayıb. Bu xüsusda Mərkəzi Bankda BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nataliya Tamirisa ilə video-bağlantı formatında görüş keçirilib”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, 2021-ci il və ortamüddətli dövrə proqnozlar, COVID-19 pandemiyası şəraitində və sonrakı dövrdə pul və maliyyə sabitliyi siyasətlərinin prioritetləri müzakirə edilib.
Tərəflər 2021-ci ilin qalan dövründə pul və maliyyə sabitliyi siyasətləri qarşısında duran vəzifələr və proqnozlar ətrafında fikir mübadiləsi aparıblar.
BVF Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələri sonuncu dəfə 2019-cu ilin iyun ayında aparıb. 2020-ci ildə məsləhətləşmələr koronavirus (COVID-19) pandemiyası səbəbindən baş tutmayıb.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
Ə.Məmmədov