2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 1,4% - 14 milyard 728 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci ilin aprel ayının əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 918,2 milyon manat (birinci rübdə artım 2,8% - İF) və ya bütün kreditlərin 6,2%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
2021-ci il aprelin 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 825,8 milyon manat (artım 1,8%) və ya bütün kreditlərin 18,3%-i, özəl banklar tərəfindən 11 milyard 526,6 milyon manat (artım 1,3%) və ya bütün kreditlərin 79,3%-i həcmində kredit verilib. Qalan 375,7 milyon manat (artım 0,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Aprel ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 575 milyon manat (artım 3,6%) milli valyuta, 4 milyard 153 milyon manat (azalma 4%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 28,2% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il aprelin 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 516,8 milyon manat (bütün kreditlərin 17,1%-i) ticarət və xidmət sahələrinin, 769 milyon manat (5,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 570,9 milyon manat (3,9%) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 681,5 milyon manat (4,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 920 milyon manat (6,2%) sənaye və istehsal sektorunun, 854,2 milyon manat (5,8%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 869,3 milyon manat (46,6%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-martda bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 2,4% artıb.**
Ə.Məmmədov